Dövlət əmlakının özəlləşdirilməsi haqqında Dövlət əmlakının özəlləşdirilməsi bazar iqtisadiyyatı münasibətlərinin formalaşdırılması istiqamətində həll edilməli olan vacib məsələlərdən biridir. Bazar münasibətlərinin formalaşdırılmasına yönəlmiş iqtisadi islahatların mahiyyəti dövlət mülkiyyəti hökmranlıq edən iqtisadi bazisdən çoxnövlü mülkiyyət münasibətləri bərqərar olan iqtisadi sistemə keçməkdir.
Azərbaycan Respublikasında aparılan özəlləşdirmə prosesi şərti olaraq iki mərhələyə bölünür.
Birinci mərhələdə özəlləşdirmə “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” və bu sənədlərin icrası məqsədi ilə qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin Fərman, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi. Bu dövrdə əsasən kiçik və orta dövlət müəssisələri özəlləşdirməyə çıxarılmışdır.
İkinci mərhələdə dövlət əmlakının özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
Eyni zamanda, bu mərhələdə özəlləşdirmə prosesinin ayrı-ayrı tərəflərini tənzimləyən bir sıra Fərman və qərarlar qəbul olunmuşdur. Onlar özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsini, özəlləşdirmə üsullarını, özəlləşdirilən müəssisələrin restrukturizasiyasını, sağlamlaşdırılmasını və s. məsələləri tənzimləyir.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir:
- dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;
- özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı;
- dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı;
- dövlət əmlakının hərraclar vasitəsi ilə satışı;
- dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə satışı;
- icarəyə verilmiş dövlət əmlakının satışı;
- dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.
Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.
Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşağıdakılar çıxış edir:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
2. səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər;
3. xarici hüquqi şəxslər.
Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi zamanı aşağıdakılar alıcı kimi çıxış edə bilməzlər:
1. səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər;
2. icra hakimiyyəti orqanları;
3. bələdiyyə orqanları.
Bununla yanaşı, qeyd edilən hüquqi sənədlərlə dövlət əmlakının özəlləşdirilməsinin sahə xüsusiyyətləri də müəyyən edilir.
Özəlləşdirmənin hüquqi tənzimlənməsi barədə ətraflı məlumat almaq istəyirsinizsə, özəlləşdirmənin ayrı-ayrı üsulları, habelə bu proseslə bağlı Sizi maraqlandıran digər məsələlərə dair hüquqi məsləhətlərə ehtiyacınız varsa, “HES” hüquq firmasına müraciət edin.